REGİONLAR
Əsirlikdə olan Şəmsi Şıxaliyev: Ermənilər azərbaycanlıların meyitlərini ekskovatorla qazılan çalalarda basdırdılar VİDEO
Xocavənd, 24 fevral, A.Yavərzadə, AZƏRTAC
Erməni hərbçiləri azərbaycanlıların meyitlərini salafana büküb “KamAZ”a yığmışdılar. Cəsədləri basdırmaq üçün ekskovatorla çalalar qazdılar. Hamısını burada çalalara boşaltdılar.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığın yerini göstərən Şəmsi Şıxaliyev deyib.
Birinci Qarabağ müharibəsində erməni əsirliyində olan Şəmsi Şıxaliyev bildirib ki, 1993-cü ildə özü Bakıda işləsə də, valideynləri Füzulinin Aşağı Seyidəhmədli kəndində yaşayırdılar. “Kəndimizin təhlükədə olduğunu eşidib ata-anamı təhlükəsiz yerə aparmaq üçün Aşağı Seyidəhmədliyə gəlmişdim. Burada da əsir düşdüm. 1993-cü ilin sentyabrı idi. Ermənilər o günlərdə Füzulidə kütləvi qırğın törətmişdilər. Azərbaycanlıların meyitlərini salafana büküb “KamAZ”a yığmışdılar. Cəsədləri basdırmaq üçün burada ekskovatorla çalalar qazdılar. Hamısını burada çalalara boşaltdılar. Bizə - əsirlikdə olan 6-7 nəfərə həmin çalaları torpaqla doldurtdular”, - deyə o əlavə edib.
Müharibədən sonra beynəlxalq təşkilatların vasitəsilə əsirlikdən azad edilən və Azərbaycana qayıdandan Şəmsi kütləvi məzarlıq barədə dövlət qurumlarına məlumat verib. Kütləvi məzarlıqda 15-20 nəfərin basdırıldığı ehtimal olunur.