“2030-cu ilədək bərpaolunan enerji məqsədlərinə nail olmaq” mövzusunda tədbir keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
KPMG şirkətinin təşkilatçılığı ilə 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının üçqat artırılması ilə bağlı hədəfə nail olmaq üçün həyata keçirilə bilən strategiyaları müzakirə etmək məqsədilə Azərbaycan pavilyonunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “KPMG International” şirkətinin Enerji, təbii resurslar və kimya sənayesi üzrə qlobal rəhbəri Aniş Denin və “KPMG International” şirkətinin İqlim dəyişikliyi və dekarbonizasiya xidmətləri üzrə rəhbəri və bərpa olunan enerji üzrə qlobal rəhbəri Mike Hayesin moderatorluğu ilə keçirilən sessiyada “E.On” şirkətindən Devid Radermaşer, “Simply Blue” şirkətindən Haq Kelli, “Paşa Holdinq”in baş strategiya inzibatçısı Teymur Hüseynov və Qlobal Günəş Şurasından Sonia Danlop çıxış edib.
Müzakirələr zamanı bərpaolunan enerji sektorunda əhəmiyyətli irəliləyişlər vurğulanıb və iştirakçılar Çində istehsal gücünün artırılması və fotoelektrik sistemi istehsalçıları arasında gərgin rəqabətin xərcləri necə azaltması və qlobal bərpaolunan enerji potensialının üç dəfə artırılması kimi hədəfin yaxın olmasına inandıqlarını qeyd ediblər. Bununla belə, onlar şəbəkənin daha sürətli genişlənməsi və 2030-cu ilədək enerji səmərəliliyinin ikiqat artırılması hədəfinə diqqətin artırılmasının vacibliyini vurğulayıblar.
Aniş De süni intellektin yaşıl keçidin əsas yardımçı faktoruna çevrildiyini və bərpaolunan layihələrin inkişafında inqilab etmək potensialına malik olduğunu bildirib. O, həmçinin, dayanıqlılığı artıra və enerji keçidini sürətləndirə biləcək yeni molekullar, materiallar və metodlar üçün süni intellektin potensialını ifadə edib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.