Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Şəki rayonunun Böyük Dəhnə kəndindəki üç mağazadan ümumi dəyəri iki min manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə polis şöbəsinə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb. Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.