Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantılarının keçirilməsi bölgədə idmanın dirçəldilməsinə töhfədir VİDEO
Suqovuşan, 23 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz ilə yaxın işğal altında qalmış doğma Qarabağımız özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş ərazilərimizə həyat yenidən qayıdır. Genişmiqyaslı infrastruktur layihələri, bərpa-quruculuq işləri ilə yanaşı, mədəni-kütləvi və idman tədbirləri də həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı idmanın inkişafı da diqqət mərkəzindədir. Prezident İlham Əliyev Qarabağda idmanın inkişaf etdirilməsi ilə bağlı deyib: “Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır.
Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suqovuşan qəsəbəsinə avarçəkmə üzrə təlim-məşq toplantısının keçirilməsi işğaldan azad olunan ərazilərdə ilk idman tədbiri kimi yadda qaldı.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Qarabağda ilk avarçəkmə təlim-məşq toplantısının keçirilməsi idmançılar üçün böyük bir stimuldur. “Havanın soyuq olmasına baxmayaraq idmançılar burada məşqləri davam etdirirlər. Bundan sonrada burda məşqlər tez-tez keçiriləcək. Planımızda burada beynəlxalq yarışın keçirilməsi də var. Bu yarış may ayında nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə dəqiq məlumat veriləcək”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndəsi Vüsal Qurbanov isə deyib: “Qarabağda yeni inkişaf mərhələsi başlayıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası olaraq biz də öz töhfəmizi vermək istəyirik. Suqovuşan Su anbarında yeni bazanın istifadəyə verilməsi gündəmdədir. Gələcəkdə burada yarışların olması ilə həm də xaricdən gələn qonaqların, idmançıların Azərbaycan təbiətini, gözəl mənzərələri seyr etmək imkanı olacaq”.
Suqovuşanda avarçəkmə üzrə təlim-məşqlərin keçirilməsi bölgədə idmanın dirçəldilməsi istiqamətində atılan ilk addımlardandır. Gələcəkdə Suqovuşanda avarçəkmə bazasının yaradılması nəzərdə tutulur ki, bu da yerli gənclərin bu idman növünə marağını artıracaq, eyni zamanda bölgədə turizmin inkişafına öz töhfəsini verəcək.