REGİONLAR
Gəncədə ağır atletika üzrə Azərbaycan çempionatına hazırlıqlar davam edir VİDEO
Gəncə, 31 mart, Elcan Məmmədov, AZƏRTAC
Ölkəmizdə iki illik fasilədən sonra 9-10 aprel tarixlərində Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.
Federasiyadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
Gəncə şəhər ağır atletika üzrə yığma komandasının baş məşqçisi Nahid Vəliyev idmançıların iki ildən sonra ağır atletika ilə bağlı ölkənin ən böyük yarışına həvəslə hazırlaşdıqlarını deyib: “Məqsədimiz çempionatda müvafiq yerlər tutub yığma komandanın heyətinə daxil olmaqdır. Ağır Atletika Federasiyasının dəstəyi ilə bu gün biz yeni zal və lazımi avadanlıqlarla təmin olunmuşuq. Əvvəlki şəraitimiz yaxşı olmadığına görə idmançılar bir qədər çətinliklərlə məşq edirdilər. İndi o problemlər aradan qaldırılıb. Bu gün ağır atletika idman növünə gənc idmançılarla yanaşı, valideynlərin də marağı artır, övladlarını bu sahə ilə məşğul olmağa təşviq edirlər. Təbii ki, bu, bizi də daha həvəslə və əzmlə işləməyə sövq edir.”
Ağır atletika üzrə Azərbaycan çempionatında Gəncə şəhəri iki qadın və altı kişi idmançı ilə müxtəlif çəki dərəcələrində təmsil olunacaq.
“10 ildir ki, ağır atletika idman növü ilə məşğulam. Hazırda ağır atletika üzrə Azərbaycan çempionatına hazırlaşırıq. 67 kiloqram çəki dərəcəsində mübarizə aparacağam. Məqsədimiz yarışdan medallarla qayıtmaqdır. Hədəfimiz isə beynəlxalq yarışlarda ölkəmizi təmsil etməkdir,” - deyə gənc atlet Kənan Rəhimov söyləyib.
Qeyd edək ki, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması qarşıda duran mühüm vəzifələrdir. Aprelin 9-10-da keçirilən ağır atletika üzrə Azərbaycan çempionatı da qarşıya qoyulan vəzifələrə nail olunmasında mühüm rol oynayacaq.