20 Yanvar faciəsi Misir mətbuatının diqqət mərkəzində
Qahirə, 19 yanvar, AZƏRTAC
İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən hazırlanan məqalə bu ölkənin bir sıra kütləvi informasiya vasitələrində yayılıb.
Məqalədə 1990-cı il 20 Yanvar tarixində sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilir, günahsız insanlara qarşı törədilən vəhşiliklərin yaddaşlara dərin kədər hissləri ilə həkk olması qeyd edilir.
O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar faciəsi nəticəsində 147 insanın qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı barədə məlumatları əks etdirən məqalədə qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğu vurğulanır.
“Human Rights Watch" təşkilatının 20 Yanvar hadisələri zamanı sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın kütləvi cəzalandırma kimi qiymətləndirildiyi məqalədə xüsusi qeyd edilir.
Yazıda sovet ordusunun törətdiyi dəhşətli 20 Yanvar faciəsinin ardınca Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktı da diqqətə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə