20 Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Aktaudakı baş konsulluğunda da anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Azərbaycanın Aktaudakı Baş konsulluğunda anım tədbiri keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elçin Məmmədov 1990-cı il yanvarın 20-də Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayət haqqında məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə milli azadlıq hərəkatının təməlini qoydular, milli şərəf və ləyaqət, vətənpərvərlik örnəyi oldular. 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edərək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirdi, qanlı faciəni pislədi.
Diqqətə çatdırılıb ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı Qərar qəbul etdi.
Bildirilib ki, 20 Yanvar faciəsi qurbanlarının uyuduğu Şəhidlər xiyabanı hər il xalqımız tərəfindən izdihamla yad edilir və şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Sonra Mangistau vilayəti üzrə Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynov, icma ağsaqqalları Yusif Quliyev, Zakir Əkbərov, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov və digər tədbir iştirakçıları faciə ilə bağlı fikirlərini, xatirələrini bölüşmüş və Qanlı Yanvar hadisəsinin xalqın mübarizlik əzmini qırmadığını, əksinə azadlıq və müstəqillik yolunda xalqın birliyini formalaşdırdığını bildirərək şəhidlərimizə Allahdan rəhmət diləyiblər.