REGİONLAR
Sabirabadda “Şahin” hərbi-idman oyunları üzrə “Zona Turu”nun qalibləri müəyyənləşib VİDEO
Sabirabad, 03 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Olimpiya İdman Kompleksində “Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilib. Yarışda Sabirabadla yanaşı ətraf rayonlardan komandalar iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasiminə Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin, Sabirabad rayon Təhsil Şöbəsinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Veteranlar Təşkilatının Sabirabad rayon üzrə təşkilatının nümayəndələri, Vətən müharibəsi qəhrəmanları, qaziləri və komandalar qatılıblar.
Yarışın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevin çıxışı ilə tədbiri açıq elan edib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Çıxış edənlər gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə hər il keçirilən “Şahin” hərbi-idman oyunlarının vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğu bildirib. Həmçinin “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğu diqqətə çatdırılıb. Şagirdlər arasında gələcəyin igid əsgərlərinin yetişdiyin danışanlar 2020-ci il Vətən müharibəsində əsgər və zabitlərimizin öz şücaətləri ilə qəhrəman xalq olduğumuzu dünyaya sübut etdiyini söyləyib.
Rəsmi hissə bitdikdən sonra zona yarışına start verilib. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar. Yarışda 11 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən oyunlarda Neftçala rayon komandası I yerə, Salyan rayon komandası II yerə və Saatlı rayon komandası isə III yerə layiq görülüb. Yarışın əsasnaməsinə uyğun olaraq Neftçala və Salyan rayon komandaları respublika finalına vəsiqə qazanıblar.