REGİONLAR
YADDAŞ : 2020-ci il 9 oktyabr. Düşmən Ağdamın işğal altında olmayan kənd və qəsəbələrini artilleriya atəşinə tutub – dinc sakinlər hədəf alınır VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Vətən müharibəsi: Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Ağdam rayonunun işğal altında olmayan kənd və qəsəbələrinin artilleriya atəşinə məruz qalması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub.
AZƏRTAC-ın bölgə müxbiri məcburi köçkünlər üçün salınmış qəsəbələrin birinə gedərək erməni hərbçilərinin vəhşiliklərini lentə alıb, sakinlərlə həmsöhbət olub. Güllücə kəndindən olan məcburi köçkün Məhəmməd Vəliyevin evi mərminin partlaması nəticəsində əşyaları ilə birlikdə yanıb. Məhəmməd Vəliyev o dəhşətli anları belə xatırlayır: "Həyətdə idik. Atılan yeddinci mərmi evimizə düşdü, yanğın baş verdi. Heç nə çıxara bilmədik. Bütün əşyalar yandı. Ancaq təəssüflənmirik, hər şey öz yerini alacaq. Bu evi dövlətimiz tikib vermişdi. Dağılan evlər yenidən tikiləcək, bərpa ediləcək. Təki əsgər və sabitlərimiz sağ olsun, təki torpaqlarımız işğaldan azad edilsin”.
Aytəkin Novruzova: “Həyətdə oturmuşduq. Qəfildən mərminin biri evin arxasına - həyətə düşdü. Qəlpələr evimizə, meyvə ağaclarına zərər vurub. Təki salamatçılıq olsun, belə evlər əsgərlərimizə qurban. Əsgərlərimizin arxasında dayanmışıq. Heç yerə çıxmırıq. Gündəlik işimizlə məşğuluq. İnanırıq ki, bütün torpaqlarımız azad olacaq, bütün köçkünlər öz yurdlarına dönəcəklər”.