REGİONLAR
Ucarda yeni beton kanal çəkilir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Cari ildə su itkilərinin qarşısını almaq üçün Ucar Suvarma Sistemləri İdarəsi tərəfindən beton üzlüklü kanalın çəkilməsinə başlanılıb. Kanal xidməti ərazisində olan 1500 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edəcək.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ucar Suvarma Sistemləri İdarəsi rayonun 28935 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Bunun 24835 hektarı öz axımı ilə, 4100 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Əsas su mənbələri Yuxarı Şirvan kanalı, Türyançay və Göyçay çaylarıdır. Rayonun suvarılan sahələrini suvarma suyu ilə təmin etmək üçün idarənin balansında ümumi uzunluğu 1600 kilometr suvarma kanalları və 1498 kilometr kollektor-dren şəbəkəsi mövcuddur. Bunun da 40 kilometrindən çoxu magistral, 123 kilometrə yaxını təsərrüfatlararası, 1437 kilometri isə təsərrüfatdaxili suvarma kanallarıdır. Kollektor-dren şəbəkələrinin 662 kilometri qapalı, 836 kilometri isə açıq dren şəbəkəsidir.
İdarə tərəfindən suvarma kanallarının lildən təmizlənməsi başlıca duran vəzifələrdən biridir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi ilə əlaqədar suvarma arxlarında 570 kilometr məsafədə lildən təmizləmə işləri həyata keçirilib.
İdarənin balansında 13 ədəd nasos stansiyası mövcuddur ki, onlardan da biri ikiaqreqatlı elektrik nasos stansiyasıdır. Hazırda nasos stansiyaların hər biri işlək vəziyyətdədir.
Bu il Ucar rayonunda 14427 hektar taxıl, 1443 hektar təzə yonca, 6690 hektar köhnə yonca, 305 hektar dənlik qarğıdalı, 335 hektar təkrar silos qarğıdalı, 108 hektar çoxillik tut-gər bağı, 300 hektar meşə, 678 hektar çəltik, 1400 hektar bostan-tərəvəz və 3284 hektar həyətyanı sahə suvarma suyu ilə təmin edilib.