REGİONLAR
Zərdabda 42 min hektar əkin sahəsinin suvarılması yaxşılaşdırılıb VİDEO

Bakı, 10 noyabr, AZƏRTAC
Zərdab Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarmanın keyfiyyətli olaraq aparılması üçün bir sıra işlər görür. İdarə balansında olan 42 min hektar əkin sahəsini mexaniki üsulla suvarır. Bunun üçün 69 nasos stansiyasından və həmin nasos stansiyalarında yerləşən 110 aqreqatın gücündən istifadə edilir.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə uğurla aparılan suvarma mövsümündən sonra nasos stansiyalarında təmir işlərinə başlanılıb. Zərdab rayonunda su itkisini minimuma endirmək, sudan istifadənin səmərəliliyini artırmaq üçün torpaq məcralı kanallar beton üzlüyə alınır. Bu işlərin Məlikmutlu torpaq məcralı kanalında aparılması planlaşdırılıb.
Hazırda idarənin texnikaları vasitəsilə rayonun bir neçə istiqamətində torpaq məcralı kanallar lildən təmizlənir. Bu proses ilin bütün aylarında davam edir. Ümumilikdə, Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən cari ildə balansda olan 1270 kilometr suvarma kanallarının 650 kilometri lildən təmizlənib, hidrotexniki qurğulardan 22 ədədi cari təmir olunub, 65 metr boru isə yenisi ilə əvəzlənib. Bu işlər rayonda suvarmanın yaxşılaşdırılmasına təkan verib.
Qeyd edək ki, Zərdab rayonunda 2021-2022-ci il vegetasiya dövründə 18900 hektar taxıl, 15500 hektar yonca və 3190 hektar pambıq əkilib.