REGİONLAR
Xaçınçay su anbarına yığılan su ilə 2024-cü ilin payız suvarmasının aparılması planlaşdırılır VİDEO
Ağdam, 16 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Xaçınçay su anbarına yığılan su ilə 2024-cü ilin payız suvarmasının aparılması planlaşdırılır.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Xaçınçay su anbarı 1964-cü ildə Xaçınçayın üzərində tikilib. Bu çay Azərbaycan ərazisində formalaşır və mənbəyini dəniz səviyyəsində təqribən 1800 metr hündürlükdən götürür.
Rafiq Aslanov deyib: “Su anbarı Ağdamın 7 min hektar əkin sahəsini suvarma ilə təmin edirdi. İşğaldan azad olunandan sonra Prezidentimiz tərəfindən yaradılan Dövlət Su Komissiyasının nümayəndə heyəti dəfələrlə su anbarına səfər edib. Su anbarı tamamilə dağıdılmışdı, bənd qəzalı vəziyyətdə idi. Bununla əlaqədar olaraq, təcili tədbirlərə başlanıldı. İlk növbədə ərazi minalardan təmizləndi. Sonra su anbarının yenidən qurulması üçün iqtisadi-texniki əsaslandırma və layihə-smeta sənədləri hazırlandı. Tender keçirildi və Körpü-Bina-Tikinti şirkəti qalib gəldi. Hazırda iki aydır ki, burada iki növbəli iş görülür”.
Onun sözlərinə görə, bəndin beton hissəsi 80 min kvadratmetrə yaxındır. Həmin beton tamamilə aşınmaya məruz qalmışdı. “Beton sökülüb, dəmir hissə çıxarılıb. Hazırda yamacda betonlama işinin 80 faizi görülüb. Suqəbuledici qüllə, estakada, qəza sutullayıcı, qurğunun özü də pis vəziyyətdə idi. İndi bərpa işləri aparılır. Magistral kanalın su buraxma qabiliyyəti 3,2 kubmetr/saniyə olan 7 kilometr hissəsində də betonlama işlərinə başlanılıb. Bu işlərin gələn ilin oktyabrına qədər tam başa çatması planlaşdırılır. Çalışırıq ki, anbara su yığıldıqdan sonra 2024-cü ilin payız suvarmasını təmin edə bilək”, - deyə o əlavə edib.