Taekvondoçumuz III Avropa Oyunlarına məğlubiyyətlə başlayıb VİDEO
Krakov, 26 iyun, AZƏRTAC
Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün taekvondo yarışlarına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması son gündə bir idmançı ilə təmsil olunur.
Yarışda 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Taleh Süleymanov mübarizəyə səkkizdəbir finaldan başlayıb. Təmsilçimiz Aleksander Baxman (Almaniya) ilə üz-üzə gəlib. Üç raundluq mübarizədə rəqib qalib gəlib - 2:1 (0:6, 10:4, 4:1)
Taekvondo yarışlarının ilk iki günündə yığmamız iki medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc medal əldə edib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.