Yasamalda çoxmərtəbəli binada yanğın baş verib VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsindəki çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ondoqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.
Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin mənzildəki vətəndaşların təxliyəsi həyata keçirilib.
Yanğın nəticəsində ümumi sahəsi 112 kvadratmetr olan mənzildə mətbəx mebeli yanıb. Yüksək temperaturdan mətbəx avadanlıqları və onun qapı-pəncərəsi deformasiyaya məruz qalıb. Mənzilin böyük hissəsi alovdan mühafizə edilib. Hadisə zamanı 8 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.