CƏMİYYƏT
Meksika səfiri: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin simasında özümüzə dost qazandığımızı düşünürük VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
“Bu cür ürək açıqlığı ilə, səmimi və xoş hisslərlə Meksikanı tanımaq istəyi məni valeh etdi. Bizim üçün çox xoşdur ki, biz DOST Mərkəzi ilə dostlaşmışıq. Artıq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin simasında özümüzə dost qazandığımızı düşünürük. Biz xanımlar inklüziv cəmiyyətin inkişafına öz töhfələrimizi verə bilərik. Ümidvaram ki, bu sahədə əməkdaşlığımız daha sıx formatda davam edəcək”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən Meksika Mətbəxi Günündə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero söyləyib.
Qeyd edək ki, tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib. Qonaqlar Mərkəzdə təlim alan sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədii oyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxuma və tikmə nümunələrinə baxıblar.
Meksikanın səfiri xanım Mariya Viktoriya Romero Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Sonra xanım səfir Mərkəzin 15 benefisiarının iştirakı ilə master-klasda iştirak edib. Mərkəzin kulinariya istiqaməti üzrə təlimçiləri - Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Azərbaycan Peşəkar Qənnadıçılar Assosiasiyasının rəhbəri Eynur Nağdəliyev benefisiarlara Meksika mətbəxindən kesadilyanın hazırlanmasında kömək göstərib. Qonaqlara Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında Meksika folklorundan nümunələr, sevilən dünya hitlərindən ibarət musiqi nömrələri təqdim olunub.