Binə qəsəbəsində silahlı şəxs saxlanılıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxsdən bir ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.
Bundan başqa, şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə beş ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.