DİN: Abşeron rayonunda ötən gün 49 odlu silah və 13 qumbara aşkarlanıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə ümumilikdə 9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəngi, 1 “Makarov” tapançası aşkarlanıb və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Abşeron rayonunda oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 36 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 24, xırda xuliqanlığa və xırda talamaya görə 53 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, rayon dövlət yol polisi şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 40-dan artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 37, dayanma-durma qaydalarını pozan 330 sürücü inzibati məsuliyyətə cəlb edilib.