Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil edib VİDEO
Bakı, 31 may, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri təşkil edib.
SHXÇDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Xidmətinin Qobu qəsəbəsindəki Mərkəzi Çağırış Məntəqəsi Kompleksində keçirilib. Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov şəhidlərin qəhrəmanlığından, şücaətindən və qanları bahasına qazanılan qələbədən danışıb: “Sizin valideynləriniz Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə silaha sarılıb Vətən torpaqlarının müdafiəsində iştirak edib. Müharibənin çox qəddar qanunları var. Azadlıq, suverenlik və qələbə olduğu kimi təəssüf ki, Vətən uğrunda şəhid olanlar da olur. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Məhz valideynlərinizin şücaəti nəticəsində hazırda Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.”
Rəsmi hissə bitdikdən sonra “Şahinlər” hərbi-idman oyunlarında Sabunçu rayonu 67 saylı tam orta məktəbini təmsil edən “Kəşfiyyatçılar” komandası uşaqlara silahın sökülüb-yığılması, darağın patronla doldurulub-boşaldılması, səhra çadırının qurulması, yaralının zəhərli ərazidən çıxarılması, ilk tibbi yardımın göstərilməsi kimi müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib.
Sonra isə uşaqlar komandalara bölünərək, özləri də bir neçə idman-estafet oyunlarında iştirak ediblər. Oyunlar bitdikdən sonra şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də hədiyyələr təqdim edilib.
Uşaqlar “Mənim atam qəhrəmandır” mahnısını oxuyublar və Dövlət Xidmətinin əməkdaşları ilə birgə zabit yeməkxanasında birgə nahar ediblər. Doğum günləri həmin günə təsadüf edən uşaqlarla birgə tortlar kəsilib.
Qeyd edək ki, şəhid övladlarının iştirak etdiyi bayram tədbiri Qida Təhlükəsizliyi Agentliyinin, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanovun və Sabunçu rayonu 67 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovun dəstəyi ilə keçirilib.