İQTİSADİYYAT
8 Noyabr prospektində aparılan təmir işləri başa çatıb VİDEO
Bakı, 31 may, AZƏRTAC
Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri başa çatıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Son mərhələ üzrə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunub.
Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla avtobus zolağı təşkil edilib, ayrılmış velosiped yolu salınıb, velosiped yolu “bufer zona” vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.
Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur.