RF Prezidentinin xüsusi nümayəndəsi: Bakı iqlim gündəliyinin paytaxtına çevrilib VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Bu gün burada olmaq bizim üçün böyük şərəf və sevincdir, çünki Bakı bu gün iqlim gündəliyinin paytaxtına çevrilib. Ekoloji gələcəyimizlə, Yerin ekologiyasının necə inkişaf edəcəyi ilə bağlı bütün məsələlər öz həllini Bakıda tapır. COP29 bəşəriyyətin inkişafı naminə bütün bu kritik məsələlərin müzakirə ediləcəyi beynəlxalq toplantıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.
Xüsusi nümayəndə qeyd edib ki, bundan əvvəlki görüşdə iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunub, bu problemlə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyasının mövqelərinin oxşarlığı vurğulanıb. “Biz beynəlxalq platformada vahid cəbhə təqdim edirik. Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi kimi, ilk növbədə, məni bu gündəliyin hazırlanması və orada sahibkarların iştirakı ilə bağlı məsələlər maraqlandırır. Qeyd etmək lazımdır ki, bu sahədə bütün proqramlarımızın uğuru onların iştirakından, Yerin ekologiyasını yaxşılaşdıracaq və emissiyaları azaldacaq “yaşıl” layihələrin necə inkişaf edəcəyindən asılıdır”.
Boris Titovun sözlərinə görə, Rusiya azad, açıq, ədalətli karbon bazarının inkişafını dəstəkləyir. O, həmçinin əlavə edib ki, həm beynəlxalq arenada, həm də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iştirak etdiyi təşkilatlarda, o cümlədən ŞƏT, BRICS və Türk Dövlətləri Təşkilatı çərçivəsində iqlim gündəliyini hazırlamaq lazımdır.