Qlobal Təzminat Hərəkatının Prezidenti: Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Fransa hökumətinin dənizaşırı ərazilərində baş verən təbii fəlakətlərlə bağlı hazır planı yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.
O bildirib ki, hər dəfə təbii fəlakətlərdən sonra Fransa hökuməti kömək edəcəyini desə də, bu, aldatma xarakterli olur.
“Onlar çıxış edir ki, sizə ancaq biz kömək edə bilərik. Bir növ gözdağı verirlər. Əvvəlcədən qurulmuş kommunikasiya var, sadəcə, bizi susdurmaq istəyirlər ki, sizə yalnız biz kömək edə bilərik. Lakin bu sözlər yalnız boş vəd olaraq qalır. Bu, bizi sakitləşdirmək üçün formal xarakterli sözlərdən başqa bir şey deyil”, - deyə o qeyd edib.