ADAU-da “Yaşıl Gənclik: Dayanıqlı inkişaf məqsədlərinə doğru” yay məktəbi start götürüb VİDEO
Gəncə, 21 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yaşıl gənclik: Dayanıqlı inkişaf məqsədlərinə doğru” adlı yay məktəbinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 21–dən 25-dək ADAU-nun kampusunda və təbiət qoynunda keçiriləcək yay məktəbi gənclərin ekoloji düşüncəsini formalaşdırmaq, onların dayanıqlı inkişaf sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.
Yay məktəbinin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov bildirib ki, yay məktəbində iştirak edən 50-yə yaxın tələbə ölkəmizdə fəaliyyət göstərən 14 müxtəlif ali təhsil müəssisəsi tərəfindən seçilib. Onlar bu məktəb vasitəsilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə yaxından tanış olacaq, iqlim dəyişmələri, tullantıların idarə olunması, alternativ enerji və yaşıl innovasiyalar barədə maarifləndirici sessiyalarda iştirak edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlarında tədbirin əhəmiyyətindən danışaraq, bu cür yay məktəblərinin önəmini diqqətə çatdırıblar.
Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov və “Agro Dairy” MMC-nin sahə meneceri Bəxtiyar Səfərov da çıxışlarında bildiriblər ki, yay məktəbləri tələbələrin şəxsi, akademik və peşəkar inkişafına ciddi töhfələr verir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev də iştirak edib.
Həmçinin tədbir çərçivəsində yerli ekspertlərlə görüşlər, praktiki seminarlar və yeni yaşıl təşəbbüslərin hazırlanmasına yönəlmiş mentorluq dəstəyi nəzərdə tutulub.
Qeyd edək ki, “Yaşıl gənclik: Dayanıqlı inkişaf məqsədlərinə doğru” yay məktəbi Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin və “Agro Dairy” MMC-nin dəstəyi ilə həyata keçirilir.