XI Bakı Beynəlxalq Kitab Sərgisində hərbçi-yazar Abdulla Qurbaninin kitabları təqdim olunub VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Bəxtiyar Vahabzadə təqdimat zonası”nda Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin “Apostrof-A” nəşriyyatında işıq üzü görən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Fəxri Xiyaban” və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, əfsanəvi sərkərdə Həzi Aslanovun 115 illik yubileyinə həsr olunan “Nəsillərə nümunə” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Apostrof-A” nəşriyyatının direktoru Akif Dənzizadə yazıçının yaradıcılığı barədə ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, Abdulla Qurbani 200-dən çox kitabın, hərbi marş və vətənpərvərlik mahnılarının, opera, aratoriya, simfonik poema, librettolarının və dram əsərlərinin müəllifidir.
Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralı və digər çıxışçılar Abdulla Qurbaninin Vətən, xalq, dövlət qarşısında səmərəli xidmətlərindən, çoxsahəli yaradıcılığından söhbət açıblar.
“AzərNəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Abdulla Qurbaninin vətənpərvərlik mövzusunda yazdığı ilk əsərlərinin - “Şəhidlər dastanı”, “Gültəkin qayası” və digər kitablarının hələ keçən əsrin 90-cı illərinin əvvəllərində “AzərNəşr”də böyük tirajla nəşr olunduğunu qeyd edib.
General-mayorlar Altay Mehdiyev, Elçin Xəlilov, Vətən müharibəsi iştirakçıları polkovnik Elvin Əzizov, Rüfət Məmmədov, Elşad Əbilov və başqaları Qurbaninin əsərlərinin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Unudulmaz sərkərdə Həzi Aslanovun ailə üzvləri adından çıxış edən Birinci Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli, hüquq üzrə fəlsəfə doktoru, general-mayor Həzi Aslanov Ulu Öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmişə şanlı hərb tariximizə xüsusi önəm verməsindən, istər faşizm üzərində qələbənin qazanılmasında, istərsə də respublikamızın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsində göstərdiyi müstəsna xidmətlərdən ehtiramla bəhs edib. O, təqdim olunan hər iki kitabın tariximiz üçün böyük töhfə olduğunu bildirib.
Sonda tədbir iştirakçılarına müəllifin “Fəxri Xiyaban” və “Nəsillərə nümunə” adlı kitabları hədiyyə olunub.