Səfir: Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu dəhşətli münaqişədən azad edib VİDEO
Berlin, 14 noyabr, AZƏRTAC
Bu gün Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iki gözəl vəsilə ilə yığışmışıq: Azərbaycanın Zəfər Gününün beşinci ildönümünü və Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd etdik. Xalqımızın bu xoş günlərini Azərbaycanın dostları ilə birlikdə yaşadıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib.
Azərbaycanın tarixi Qələbəsinin həm də regionda yeni reallıq və əməkdaşlıq imkanları yaratdığını vurğulayan səfir bildirib: “Zəfərimizdən beş il keçəndən sonra - bu gün bütün dünya Azərbaycanın nə qədər haqlı olduğunu daha yaxşı anlayır. Biz bu müddətdə ölkəmizə qarşı, xüsusilə Avropada və digər Qərb ölkələrində ədalətsizlik, qərəzlilik gördük. Lakin sonunda Azərbaycanın əzmi qalib gəldi. Bu gün Azərbaycanın regionda yaratdığı reallıqları hamı qəbul edir və anlayır ki, Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu - Cənubi Qafqazı bu dəhşətli münaqişədən azad edib. Bu, bir həqiqətdir. Bugünkü tədbirdə də verdiyimiz mesaj sülh mesajı idi ki, Azərbaycan gələcəyə baxır, regionumuzda davamlı sülhün bərqərar olması üzərində qətiyyətlə çalışır və bu istiqamətdə fəaliyyət göstərir”.
Tədbirdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin də qeyd olunduğunu vurğulayan Nəsimi Ağayev deyib: “Bu gün, eyni zamanda, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə gözəl konsert təşkil olundu, onun əsərləri səsləndirildi. Bu, onu göstərir ki, Üzeyir Hacıbəylinin irsi yaşayır və Azərbaycan mədəniyyətinin çox gözəl nümunələrindən biri kimi ölkəmizin dünyada tanınması işinə böyük töhfələr verir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin