Vaşinqtonda multikulturalizmə həsr olunmuş dəyirmi masa VİDEO
Vaşinqton, 7 mart, AZƏRTAC
ABŞ-nin paytaxtı Vaşinqtonda Konqres kitabxanasında “Multikulturalizm və sülh quruculuğu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın məlumatına görə, dəyirmi masada diplomatik korpus üzvləri, hökumət nümayəndələri, vətəndaş cəmiyyəti liderləri, alimlər, dini liderlər iştirak edib.
Merilənd Universiteti, Bəhai Dünya Sülhü Kafedrasının rəhbəri Hoda Mahmoudi bildirib ki, tədbirdə Azərbaycan, Bəhreyn, Kamboca və Keniya da daxil olmaqla bir neçə müxtəlif millətin mədəni, etnik və müxtəlifliyi qəbul edilərək dinc və həmrəy cəmiyyətləri necə inkişaf etdirmək üçün fəal şəkildə çalışdığı araşdırılır. O qeyd edib ki, bu ölkələr müxtəliflik düşünülmüş şəkildə inkişaf etdirildikdə bölünmə əvəzinə güc mənbəyinə çevrilə biləcəyinə dair dəyərli nümunələr təqdim edir. Tədbirdə səsləndirilən təcrübələr multikulturalizmin sosial birliyə və sülhə necə töhfə verə biləcəyi barədə faydalı dərslər təqdim edir.
İranlı-amerikalı ekspert Sohrab Sobhan Konqres Kitabxanasında digər ölkələri və Azərbaycanın multikultural quruluşunu, dini tolerantlığını qeyd etmək və dünyaya çatdırmaq üçün toplaşdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan yəhudilərin xristianlarla və müsəlmanlarla yanaşı yaşadığı gözəl bir ölkədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev bildirib ki, multikulturalizmin əleyhinə çıxmaq, onun iflasa uğradığını iddia etmək və ya bu istiqamətdə fəaliyyət göstərmək dünyanı yenidən fəlakət və müsibətlərə sürükləmək deməkdir. Mültikulturalizm əleyhinə aparılan iş ksenefobiya və rasizmin alovlandırılmasına xidmət edir. O deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin vətəni olub: “Bəzi xalqların və dinlərin nümayəndələri öz yurd-yuvalarında məhrumiyyətlərə və təzyiqlərə məruz qalaraq ölkəmizə pənah gətiriblər. Onlar hazırda da Azərbaycanda yaşamaqdadırlar. Bunlara nümunə kimi 2500 il bundan öncə ölkəmizə pənah gətirmiş yəhudiləri, 200 il öncə ölkəmizə sığınmış malakanları göstərə bilərik”.
Sahib Nağıyev deyib ki, multikulturalizm həm də sülhün qarantiyasıdır.
Sonra Bəhreyn, Kamboca, Keniyadan olan nümayəndələr ölkələrinin multikultural təcrübələrini və onun sülh quruculuğundakı roluna dair fikirlərini paylaşıblar.
Pepperdin Universitetinin prorektoru Coni Mur bildirib ki, tədbirdə təmsil olunan xalqlar nəzəriyyəni deyil, öz üzərlərinə götürdükləri öhdəlikləri təqdim edirlər. Onun sözlərinə görə, bu xalqlar plüralizmi idarə olunmalı bir yük kimi qəbul etmirlər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton