Mingəçevir Dövlət Universitetində Məzun Günü VİDEO
Mingəçevir, 1 iyul, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə Məzun Günü tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin əsas tədris binası qarşısında yerləşən büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Məzun Günü Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları, onların valideynlərini və universitet kollektivini təbrik edib. Bildirib ki, Mingəçevir Dövlət Universiteti son illərdə yalnız regionun ali təhsil müəssisəsi kimi deyil, həm də şəhərin sosial-iqtisadi, mədəni və intellektual inkişafına töhfə verən mühüm tərəfdaş kimi formalaşıb.
MDU-nun rektoru Anar Eminov ali təhsil müəssisəsinin əsas hədəfinin bilikli, çevik düşüncəli, innovativ yanaşmaya malik, əmək bazarının tələblərinə uyğun, eyni zamanda cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətli gənclər yetişdirmək olduğunu qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə MDU-nun son illərdə dinamik inkişaf yolu keçdiyini, regionda təhsilin əlçatanlığının artırılması və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova MDU-da tələbəyönümlü mühitin gücləndirilməsi, gənclərin ictimai fəallığının dəstəklənməsi və onların fərdi potensialının üzə çıxarılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Sonra Türkiyənin Gümüşhane Universitetinin rektoru Oktay Yıldızın Mingəçevir Dövlət Universitetinin məzunlarına ünvanladığı təbrik videosu nümayiş olunub.
Tədbir məzunların təltif olunması mərasimi və bədii hissə ilə davam edib.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə 955 nəfər, magistratura təhsil səviyyəsi üzrə 137 nəfər - ümumilikdə 1092 nəfər məzun olur.
Müxbir – Vüsalə Cənnətova