Liu Çuçen: Şuşa Qlobal Media Forumu media əməkdaşlığının inkişafı üçün mühüm platformadır VİDEO
Şuşa, 13 iyul, AZƏRTAC
Şuşada artıq ikinci dəfədir oluram. Şuşa Qlobal Media Forumunda isə ilk dəfə iştirak edirəm. Şəhərdə böyük dəyişikliklər var. Bu gün Şuşanın daha da gözəlləşdiyini və müasirləşdiyini görməkdən çox şadam.
Bunu AZƏRTAC-a açıqlamasında Çinin Sinxua xəbər agentliyinin nümayəndəsi Liu Çuçen deyib.
O bildirib ki, Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən olan media nümayəndələrinin fikir mübadiləsi aparması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və media sahəsində mövcud ümumi çağırışların müzakirəsi baxımından mühüm platformadır.
"Hesab edirəm ki, bu forum müxtəlif ölkələrdən olan media peşəkarlarının öz ideyalarını bölüşməsi, qarşılıqlı etimad yaratması və dezinformasiya ilə mübarizə, eləcə də süni intellekt kimi müasir texnologiyalardan istifadə ilə bağlı bir çox peşəkarın üzləşdiyi ümumi çağırışların praktiki həlli yollarını araşdırması üçün çox vacib və əhəmiyyətli rol oynayır", – deyə Liu Çuçen vurğulayıb.
Liu Çuçen forumun daha çox praktiki nəticələr verəcəyinə ümid etdiyini bildirib. Əlavə edib ki, iştirakçıların bu çağırışların həlli ilə bağlı fikir və təkliflərini bölüşmələrini səbirsizliklə gözləyir.