Haysam Əl-Qays: OPEC+ Əməkdaşlıq Xartiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı təsdiqlənib VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələri Əməkdaşlıq Xartiyasının məqsədlərinin tam həyata keçirilməsi üçün fəaliyyət planının icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays OPEC+-un Əməkdaşlıq Xartiyası üzrə Bakıda keçirilən ilk iclasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı Nazirlər Görüşündə OPEC Katibliyinə Xartiyanın məqsədlərinin tam reallaşdırılması üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.
“Hazırlanan çərçivə sənədi əməkdaşlığın inkişafı üzrə beş əsas istiqaməti əhatə edir. Bunlara əsas neft istehlakçıları ilə dialoqun genişləndirilməsi, neft sənayesində texnologiya, innovasiya və investisiyaların təşviqi, sektora təsir edən siyasət və tənzimləmələrin müzakirəsi, neft bazarının fundamental göstəricilərinin təhlili və sənaye standartları üzrə konsensusun formalaşdırılması daxildir. Bu il mayın 21-də keçirilmiş texniki görüşdə iştirakçı ölkələrlə fəaliyyət planı üzrə razılıq əldə olunub. İyunun 7-də keçirilən OPEC və qeyri-OPEC ölkələrinin 41-ci Nazirlər Görüşündə isə bu plan rəsmən təsdiqlənib və iştirakçı ölkələr Texniki Komitədə təmsil olunacaq nümayəndələrin müəyyənləşdirilməsi barədə öhdəlik götürüblər”, - deyə Haysam Əl-Qays qeyd edib.