Komitə sədri: UN-Habitat Azərbaycanda şəhərsalma planlaşdırılması prosesində ilk dəfə olaraq birbaşa iştirak edəcək VİDEO
Nyu-York, 16 iyul, AZƏRTAC
UN-Habitat ilk dəfə olaraq Azərbaycanda bərpa, tikinti və idarəetmə xidməti vasitəsilə şəhərsalma planlaşdırılması prosesində birbaşa iştirak edəcək.
Bunu Nyu-Yorkda səfərdə olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev UN-Habitatla imzalanmış “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi barədə AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə – Kəlbəcər və Cəbrayıl rayonlarında müəyyənləşdirilmiş iki kəndin layihələndirilməsi UN-Habitatın ekspertlərinin iştirakı ilə həyata keçiriləcək.
“Bu, bir sıra baxımdan çox mühüm əməkdaşlıqdır. Bir tərəfdən, həyata keçirdiyimiz layihələndirmə işlərini beynəlxalq təcrübə və ən son ekspert tövsiyələri əsasında daha yüksək səviyyəyə qaldıracaq. Digər tərəfdən isə uzun illərdir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində görülən və bundan sonra görüləcək işləri beynəlxalq platformalarda təqdim olunan ən müasir yanaşmalarla zənginləşdirmək imkanı yaradacaq. Biz buna “Urban Lab”, yəni “Şəhərsalma Laboratoriyası” kimi yanaşırıq. Çünki işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi postmünaqişə dövründə ərazilərin inkişafı baxımından beynəlxalq ictimaiyyət üçün də maraqlı və praktik nümunə ola bilər”, - deyə Anar Quliyev əlavə edib.