Əsrlərin yaddaşını yaşadan Basqal VİDEO
İsmayıllı, 16 iyul, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: İsmayıllının Basqal kəndi.
Azərbaycanın qədim yaşayış məskənləri arasında özünəməxsus yeri olan Basqal tarix, mədəniyyət və təbiətin vəhdət təşkil etdiyi nadir məkanlardan biridir. İsmayıllı rayonunun bu qədim qəsəbəsi əsrlərin yaddaşını yaşadan daş küçələri, memarlıq abidələri, sənətkarlıq ənənələri və bənzərsiz dağ mənzərələri ilə hər il minlərlə yerli və xarici qonağın diqqətini cəlb edir.
Böyük Qafqaz dağlarının cənub yamaclarında, Niyaldağ silsiləsinin yaxınlığında yerləşən Basqal Orta əsr şəhər mədəniyyətinin izlərini günümüzədək qoruyub saxlayan nadir yaşayış məskənlərindəndir. Tarixi qala divarları, qədim bazar meydanı, sənətkarlıq məhəllələri, məscidlər, bulaqlar, kürəbənd adlanan yeraltı su-kanalizasiya sistemi və çay daşları ilə döşənmiş dar küçələr qəsəbənin zəngin keçmişindən xəbər verir.
Araşdırmalar göstərir ki, Basqal ərazisində XI əsrdən etibarən intensiv yaşayış mövcud olub. Qəsəbənin qəbiristanlığında yerləşən XVI–XVIII əsrlərə aid qəbir və sənduqə tipli abidələr də bu qədim yaşayış məskəninin tarixini əks etdirir.
Qəsəbəni əhatə edən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti-bərpa işləri aparılıb.
Basqalın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun memarlıq irsidir. Buradakı evlər Şirvan bölgəsinin seysmik xüsusiyyətləri nəzərə alınaraq tikilib. Divarlara bir neçə daş qatından sonra yerləşdirilən “kətil” adlanan taxta qurşaqlar tikililərin elastikliyini artırıb və onların zəlzələlərə davamlılığını təmin edib. Küçəyə baxan evlərin künclərinin kəsilmiş formada inşa olunması isə qədim şəhərsalma mədəniyyətinin maraqlı nümunələrindəndir.
Basqala səfər edən turistlərin ilk dayanacaqlarından biri XVII əsrə aid Basqal hamamıdır. Klassik Şərq memarlıq üslubunda inşa olunan bu tarixi tikili 2021-ci ildə bərpa edilərək muzeyə çevrilib. Burada Azərbaycan hamam mədəniyyəti, qədim hamamların quruluşu və yeraltı isitmə sistemi haqqında maraqlı məlumatlar əldə etmək mümkündür.
Qəsəbənin ən mühüm tarixi abidələrindən biri də 1531-ci ildə tikilmiş Şeyx Məhəmməd məscididir. Məscid ətrafında aparılmış arxeoloji tədqiqatlar nəticəsində müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkar olunub. Məscidin yaxınlığında yerləşən məşhur çinar ağacı isə Basqalın canlı tarixidir. Kitabələrə əsasən, bu ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib və bu gün də yerli əhali tərəfindən müqəddəs məkan kimi qəbul olunur.
Basqalın adını dünyaya tanıdan əsas sənət nümunəsi isə kəlağayıdır. Orta əsrlərdə Şirvanın mühüm ipəkçilik və toxuculuq mərkəzlərindən biri olan qəsəbədə hazırlanan kəlağayılar Şərq və Avropa bazarlarında böyük şöhrət qazanıb. Bu gün Basqala gələn turistlər yerli ustaların iştirakı ilə təşkil olunan kəlağayı master-klaslarında iştirak edə, qədim sənətin incəlikləri ilə yaxından tanış ola bilərlər.
Tarixi Bazar Meydanı da qəsəbənin ən maraqlı məkanlarındandır. Vaxtilə regional ticarətin əsas mərkəzi olan bu meydan bu gün də öz qədim ruhunu qoruyub saxlayır. Meydan ətrafında yerləşən daş küçələrdə gəzmək turistlərə sanki orta əsrlərə səyahət hissi yaşadır.
Basqal həm də zəngin mətbəxi ilə tanınır. Burada qonaqlara Basqal halvası, pip dolması, piti, yerli pendirlər, tut bəkməzi və məşhur qızılgül mürəbbəsi kimi dağ mətbəxinin ləziz nümunələri təqdim olunur.
Qəsəbədə istirahət imkanları da kifayət qədər genişdir. Dağ mənzərələri fonunda yerləşən müasir istirahət məkanları, yürüş marşrutları və sağlamlıq xidmətləri Basqalı ailəvi və fərdi səyahətlər üçün ideal istiqamətlərdən birinə çevirir.
Bakıdan təxminən 160 kilometr məsafədə yerləşən Basqala avtomobillə 3–3,5 saata çatmaq mümkündür. İctimai nəqliyyatdan istifadə edənlər isə əvvəlcə İsmayıllıya, daha sonra yerli nəqliyyat vasitələri ilə qəsəbəyə gedə bilərlər.
Basqal ilin bütün fəsillərində öz gözəlliyini nümayiş etdirir. Yazın yaşıllığı, yayın sərin dağ havası, payızın rəngarəng mənzərələri və qışın ağ örpəyə bürünmüş küçələri bu qədim qəsəbəyə hər mövsüm fərqli cazibə bəxş edir. Tarixə, milli irsə və təbiətə maraq göstərən hər bir turist üçün Basqal unudulmaz təəssüratlar vəd edən məkanlardan biridir.