600 metrlik yolun sonunda möhtəşəm mənzərə – Bibiyani şəlaləsi VİDEO
Lerik, 10 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Bibiyani şəlaləsi.
Lerikə gedirsinizsə, yolunuzu Bibiyani kəndinə də salmağa dəyər. Çünki burada sizi Talış dağlarının yaşıllıqları arasında gizlənən, səsi uzaqdan eşidilən və yaxınlaşdıqca bütün əzəməti ilə görünən Bibiyani şəlaləsi gözləyir. Bura uzun və yorucu yürüş tələb etməyən, amma yadda qalan mənzərəsi ilə Lerik səfərinə xüsusi rəng qatan ünvanlardan biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bibiyani kəndinin yolu təxminən 4 kilometrdir. Torpaq yol sizi tədricən dağların qoynuna aparır. Kəndə çatdıqdan sonra isə şəlaləyə qədər cəmi 600 metr məsafə qalır. Bu isə o deməkdir ki, Bibiyaninin gözəlliyini görmək üçün saatlarla piyada yol getməyə ehtiyac yoxdur. Kənddən bir neçə dəqiqəlik hərəkətdən sonra Talış dağlarının yaşıllığı içərisində şəlalənin səsini eşidə bilərsiniz. Arzu edənlər kənddə mövcud olan xüsusi avtomobillərdən də istifadə edə bilərlər.

Bir neçə yüz metr irəlilədikcə meşənin sakitliyi daha çox hiss olunur. Ağacların arasından süzülən işıq, ayaq altında xışıldayan yarpaqlar, dağ havasının sərinliyi və getdikcə güclənən su səsi...
Sonra ağacların arasından ilk görüntü görünür. Bir qədər də yaxınlaşanda isə Bibiyani bütün əzəməti ilə qarşınızdadır. Dağlardan axıb gələn su qayaların üzərinə çırpılaraq aşağı tökülür. Talış dağlarının qoynunda belə bir mənzərə ilə qarşılaşmaq Lerik səfərini daha da yaddaqalan edir.
Yağışlı günlərdə isə burada təbiət başqa bir gözəlliyə bürünür: duman dağların sinəsini örtür, meşənin gözəlliyi göz oxşayır, şəlalənin suyu isə daha gur axır. Bu hava məkanın gözəlliyini ikiqat artırır.
Əgər Lerikdə təbiətin səsini dinləmək, dağların qoynunda dincəlmək istəyirsinizsə, ünvanınız Bibiyani olmalıdır.
Müxbir - Rəşad Türkoğlu