200 milyon kilovat-saat enerji, təbii qaza qənaət və daha az karbon – “Qobustan” GES-in göstəriciləri açıqlandı VİDEO
Qaradağ, 16 sentyabr, AZƏRTAC
İnvestisiya dəyəri 55 milyon dollara yaxın olan 100 meqavatlıq “Qobustan” Günəş Elektrik Stansiyası illik 97 min ton karbon qazı emissiyasının azaldılmasına, 45 milyon kubmetr təbii qaza qənaət etməyə imkan yaradacaq.
Prezident İlham Əliyevin açılışında iştirak etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın ölkədaxili enerji balansına, şəbəkənin sabitliyinə nə kimi töhfə verəcək?
AZƏRTAC-ın müxbirinin sualını Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev elə stansiya ərazisində cavablandırıb. O deyib: “Bu, Azərbaycanda istehsalçısı hərrac vasitəsilə seçilən sənaye miqyaslı ilk stansiyadır. “Qobustan” GES-in istismara verilməsi illik təxminən 200 milyon kilovat-saat elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə nəticələnəcək”.
Haşiyə: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri bərpaolunan enerji mənbələrinin geniş tətbiq edilməsidir. Bu strategiyaya uyğun olaraq, Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində yerləşən 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilib. Həmin ərazi stansiyanın inşası məqsədilə hərraca çıxarılıb və 2024-cü ildə keçirilən hərracın qalibi Çinin “Universal International Holdings Limited” şirkəti olub. Layihə çərçivəsində stansiya ərazisində müasir Günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılmış, habelə bütün kabelləşdirmə işləri tam şəkildə başa çatdırılıb.
Həm ərazisi, həm də istehlakçıya yaxın olması ilə seçilən stansiya, eyni zamanda, Ələt Azad İqtisadi Zonasının, eləcə də digər infrastruktur obyektlərinin yaxınlığında yerləşməsi ilə də diqqət çəkir. “Bu istehsal müəssisələri fəaliyyətlərində bərpaolunan enerji mənbələrindən istifadə etsələr, biz buradan kifayət qədər sertifikatlı yaşıl enerji verə biləcəyik. Müqaviləyə əsasən, bu stansiyanın generasiya etdiyi bütün yaşıl sertifikatlar Azərbaycan dövlətinə məxsusdur”, - deyə C.Abdullayev bildirib.

Onun sözlərinə görə, stansiya investorun vəsaiti hesabına inşa olunub. Tarif də bəllidir: 1 kilovat-saata 3.54 dollar/sent və bu, kifayət qədər uğurlu göstəricidir: “Eyni zamanda, hərracın özü kifayət qədər rəqabət mühitində keçdi. Hərrac Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində keçirilmişdi və 6 saata yaxın davam etmişdi. Onu da qeyd edim ki, burada quraşdırılmış Günəş panelləri bu gün bazarda olan ən müasir və ən güclü panellərdir. Bu da imkan verir ki, rəqabətqabiliyyətli qiymətlər təqdim edilsin”.
İnfrastruktur baxımından böyük əhəmiyyət kəsb edən bu layihə çərçivəsində stansiyanın yerləşdiyi əraziyə qədər 9 kilometrdən çox yeni asfalt yol çəkilib. Bu isə özlüyündə ümumilikdə ərazinin sosial-iqtisadi infrastrukturunun yenilənməsinə, eləcə də gələcəkdə daha da sürətlə inkişaf etməsinə xidmət göstərəcək.
Bununla yanaşı, yeni stansiya bu ərazidə məşğulluğun artırılmasına da əhəmiyyətli dəstək olub. Stansiyanın istismara verilməsi ilə burada 20 nəfər yerli mütəxəssis üçün daimi iş yeri yaradılıb. Tikinti-quraşdırma prosesinin ən intensiv vaxtında isə 500-dək şəxs müvəqqəti işlə təmin olunmuşdu ki, bu da kifayət qədər yüksək göstərici sayılır. Həmin iş yerlərinin açılması xüsusilə ətraf ərazilərdə yaşayan sakinlər üçün böyük imkanlar yaradaraq, onların məşğulluğunun təmin olunmasına və sosial rifahının yüksəlməsinə müsbət təsir göstərib.

Qeyd edək ki, Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 10-u Günəş elektrik stansiyası (378,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatına töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.
Ceyhun Rüstəmov