Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
CAMCA Regional Forumunun əsas üstünlüklərindən biri onun yalnız ənənəvi coğrafi region çərçivəsi ilə məhdudlaşmamasıdır. Forum Mərkəzi Asiya, Cənubi Qafqaz, Monqolustan və Cənubi Asiyaya çıxışı olan Əfqanıstanı əhatə edən daha geniş əməkdaşlıq məkanı formalaşdırır. Bu isə regionun imkanlarına daha əhatəli yanaşmağa şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri nəqliyyat dəhlizlərinin inkişafıdır.
“Bu, olduqca vacib məsələdir. Lakin söhbət yalnız malların bir məntəqədən digərinə daşınması üçün infrastrukturun yaradılmasından getmir. Əsas məqsəd CAMCA məkanı daxilində iqtisadi fəaliyyətin inkişafı üçün zəruri şəraitin formalaşdırılmasıdır. Bu, region ölkələri arasında, eləcə də Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə ticarət imkanlarının genişləndirilməsinə şərait yarada bilər. CAMCA Regional Forumu bu imkanların reallaşdırılması baxımından olduqca faydalı platformadır. Region böyük potensiala malikdir və bu potensialdan səmərəli istifadə üçün siyasi impuls və liderlik lazımdır. Hazırda Mərkəzi Asiyada belə siyasi liderlik mövcuddur”, – deyə o bildirib.
Eduards Stiprays qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət görüşlərinə qoşulması da Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin daha geniş iqtisadi məkan çərçivəsində inteqrasiyası üçün yeni imkanlar yaradır: “CAMCA Regional Forumu öz təbii inkişaf yolu ilə irəliləyir. Bu çərçivədə təmsil olunan ölkələrin müxtəlifliyini nəzərə alsaq, hökumətlər səviyyəsində hər hansı ayrıca siyasi qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Altı ölkə artıq rəhbərlik səviyyəsində çox sıx əməkdaşlıq edir. Bununla yanaşı, Monqolustan və Əfqanıstan da bu geniş çərçivəyə daxildir. Gürcüstan və Ermənistanın isə Avropaya inteqrasiya istiqamətində öz maraqları mövcuddur”.
Forumun əsas rolundan danışan Eduards Stiprays bildirib ki, mühüm məqsədlərdən biri bu ölkələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə, eləcə də regionun xarici tərəfdaşlarına, o cümlədən Avropa İttifaqına, ABŞ-yə və müəyyən mərhələdə Çinə genişlənən bu regionun dünya iqtisadiyyatına hansı əlavə dəyəri təqdim edə biləcəyini göstərməkdir.