Mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar təlim-tədris kurslarına cəlb olunmuşlar VİDEO
Xaçmaz, 10 iyun (AZƏRTAC, Elxan Yusifli). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, xidmət sahəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi iyun ayının 3-dən başlayaraq 8 gün ərzində Şimal bölgəsi üzrə Xaçmaz rayonunda keçirilmişdir. Kurslarda Türkiyədən dəvət olunmuş müəllimlər tərəfindən idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə dərslər tədris olunmuşdur.
İyunun 10-da “Atlant” istirahət mərkəzində təlimlərdə iştirak etmiş dinləyicilərə sertifikatların verilməsi münasibətilə mərasim təşkil olunmuşdur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov çıxış edərək ölkəmizin geniş turizm imkanlarından, bu sahənin inkişafı üçün atılan addımlardan söz açmışdır. Qeyd olunmuşdur ki, respublikamızın əsrarəngiz guşələrinə daha çox turist cəlb etmək üçün istirahət məkanlarında çalışanların xidmət səviyyəsi yüksək olmalıdır. Bu istiqamətdə treninqlərin təşkili də bu səbəbdən vacibdir. M.Qəhrəmanov regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinin turizmin inkişafına öz töhfəsini verəcəyi vurğulamışdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan da çıxışında Azərbaycanın turizm potensialını çox yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, geniş imkanlara malik turizm sektorunu daha da inkişaf etdirmək üçün beynəlxalq təcrübədən yararlanmaq vacibdir. Qeyd olunmuşdur ki, Türkiyə dünyada turizmin inkişafına görə qabaqcıl ölkələrdən sayıldığından, qardaş respublikanın bu sahədə qazandığı təcrübədən yararlanmaq və qarşılıqlı işbirliyi şəraitində çalışmaq olduqca faydalıdır.
Mərasimin sonunda kurslarda iştirak etmiş dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.
Mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kurslarının respublikamızın digər bölgələrində də keçirilməsi nəzərdə tutulmuşdur.