İQTİSADİYYAT
70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri nümayiş edilib
Bakı, 7 mart, AZƏRTAC
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarətdir. Sərgidə 70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. nümayiş edilib və onların satışı həyata keçirilib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərindən, onun əməkdaşlıq etdiyi qurumlardan nümayəndələr, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.