MƏDƏNİYYƏT
“Şahdağ” Qış–Yay Turizm Kompleksinin xidmətlərindən bir gündə 1000-dən çox turist pulsuz yararlandı VİDEO
Qusar, 25 iyul (AZƏRTAC, Elxan Yusifli). İyulun 25-də Qusar rayonunda yerləşən “Şahdağ” Qış–Yay Turizm Kompleksində “Açıq qapı” günü keçirildi.
AZƏRTAC xəbər verir ki, gün ərzində istirahət mərkəzinə gələn 1000-dən artıq turist 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlandı. Onlar arasında yerli turistlərlə yanaşı, xeyli sayda əcnəbilər də vardı.
Kompleksə gələnlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzinti, dağda seqvey ilə gəzinti, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə xidmətlərdən ödənişsiz istifadə etdilər.
“Açıq qapı” gününün keçirilməsinin məqsədi turistləri “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etmək, mərkəzin imkanlarını göstərməkdən ibarətdir.
“Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.