REGİONLAR
İlin qaliblərinə “Zirvə” mükafatı təqdim olunub VİDEO
Şəki, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhərində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 2014-cü ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, media, idman və digər sahələrdə uğur qazanan müxtəlif peşə sahibləri, həmçinin ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində yola saldığımız 2014-cü ilin Şəkinin ictimai-siyasi və mədəni həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, il ərzində Şəkidə mədəni irsin qorunması sahəsində çox mühüm işlər görülüb. Bu şəhər bir sıra beynəlxalq tədbirlərə, o cümlədən 4 beynəlxalq festivala ev sahibliyi edib.
Tədbirdə çıxış edənlər 2015-ci ildə xalqımıza səadət dolu günlər arzulayıb, daha böyük nailiyyətlərin qazanılması üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.
Sonra ilin yekunlarına görə Şəki Şəhər İcra Hakimiyyətinin müxtəlif nominasiyalar üzrə təsis etdiyi “Zirvə” mükafatının laureatlarının adları elan olunub.
AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov “Media-mətbuat”, polis mayoru Çingiz Məmmədov “Dövlətçilik və hüquq”, Şəki şəhər 10 nömrəli tam orta məktəbinin müəllimi Kəmalə Xəlilova “Təhsil”, Şəki Regional Perinatal Mərkəzin direktor müavini Ruziyə Hüseynova “Səhiyyə”, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli “Mədəniyyət”, həkim Aytən Məmmədova “Sosial sahə”, şahmatçı, 2015-ci ildə Tailandda keçiriləcək şahmat üzrə yeniyetmələrin dünya birinciliyinə vəsiqə qazanmış Süleyman Süleymanlı “İdman”, Şəki çörək zavodunun texnoloqu İsmayıl Hüseynov “İlin uğurlu layihəsi” nominasiyaları üzrə qalib adını qazanıblar. “İlin telejurnalisti” mükafatına İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Rasim İslamov, ANS televiziyasının bölgə müxbiri Xatirə Əkbərova və “Kanal S” regional televiziya şirkətinin müxbiri Sevda Rəsulqızı layiq görülüblər.
Qaliblərə “Zirvə” mükafatı təqdim olunub.
Bayram tədbiri musiqi kollektivlərinin maraqlı konsert proqramı ilə davam edib.