İDMAN
Xızıda yunan-Roma güləşi üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib VİDEO
Şuraabad, 23 may, Səxavət Quliyev, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə mayın 23-də Xızı rayonunun Şuraabad qəsəbəsində 2001-2003-cü il təvəllüdlü yunan-Roma güləşçiləri arasında açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın Şuraabada ezam olunan müxbiri xəbər verir ki, birincilikdə 12 komanda, ümumilikdə 110 güləşçi medallar uğrunda mübarizə aparıb.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, pəhləvanlarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Cavanşir Qurbanov, Elçin Cəfərov, Namiq Abdullayev və digər çıxış edənlər yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, güclü idman ölkəsinə çevrilən Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın bu sahədə güclü potensiala malik olması ilə yanaşı, dövlətin diqqət və qayğısını əks etdirir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində idman sahəsində uğurlarımız ildən-ilə daha da artır. İyirmi gündən sonra paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Avropanın 6 mindən artıq idmançısı “Bakı-2015”də medallar uğrunda mübarizə aparacaq. Oyunların keçirildiyi müddətdə təkcə Avropanın deyil, bütün dünyanın diqqəti Azərbaycana yönələcək.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Seymur Qasımov (26 kq, Qusar), Fərid Əhmədov (29 kq, Qubadlı), Təvəkkül Həziyev (32 kq, Qubadlı), Fərid Xəlilov (35 kq, Sumqayıt), Xəyal Rüstəmov (38 kq, Sumqayıt), İsmayıl Hüseynov (42 kq, Xızı), Radik Dayiyev (47 kq, Qusar), İqbal Hüseynov (52 kq, Abşeron), Xəyyam Niftəliyev (56 kq, Sumqayıt), Ümid Mirzəyev (60 kq, Quba), Eldar Şıxməmmədov (66 kq, Qusar) və Samir Mirzəyev (73 kq, Qubadlı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın baş hakimi Qərib Əliyev, baş katibi Aydın Süleymanov olub.