İDMAN
Azərbaycan daha bir qızıl medalın sevincini yaşadı
12-ci qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandı VİDEO
Bakı, 18 iyun, Nihat Budaqov, AZƏRTAC
Taekvondoçumuz Milad Beiqi Harçeqani öz parlaq qələbəsi ilə “Bakı-2015”-də Azərbaycanın qızıl medallarının sayını 12-yə çatdırıb.
AZƏRTAC xəbər verir ki, 80 kiloqram çəki dərəcəsinin final görüşündə Milad Beiqi Harçeqani rusiyalı Albert Qaun ilə qarşılaşıb. İdmançımız rəqibini 9:4 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının növbəti çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
İdmançımız finaladək keçirdiyi görüşlərdə serbiyalı Damir Fejziçə, böyük britaniyalı Lutalo Muhammada və portuqaliyalı Julio Ferreiraya qalib gəlib.
Bu çəki dərəcəsində bürünc medallara portuqaliyalı Julio Ferreira və böyük britaniyalı Lutalo Muhammad layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimində medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
İdmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Qeyd edək ki, 24 yaşlı Milad Beiqi Harçeqani idman karyerasına 2000-ci ildən başlayıb.