İDMAN
Çövkən oyunu üzrə dördüncü Azərbaycan çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının ilk gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, təntənəli açılış mərasimindən sonra rəmzi oyun keçirilib. Sentyabrda Bakıda təşkil olunan arena polo üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan millisi ölkəmizin çövkən yığması ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Sonra çempionatın play-off qarşılaşmalarına start verilib. “Batabat” komandası “Qəbələ-Vəndam”ı 11:0, “Yevlax” kollektivi “Göygöl”ü 9:0, “Qəbələ” isə “Arzu”nu 3:1 hesabı ilə məğlub edib. “Şamaxı” yarışa gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və rəqibi “Bərdə” isə növbəti mərhələyə adlayıb.
Beləliklə oktyabrın 18-də keçiriləcək səkkizdəbir final mərhələsi çərçivəsində “Ağcabədi” – “Yevlax”, “Sərhədçi” – “Batabat”, “Laçın” – “Bərdə” və “Ağstafa” – “Qəbələ” görüşləri keçiriləcək.
Oktyabrın 17-də keçiriləcək “İsmayıllı”-“Oğuz”, “Qax”-“Şuşa”, “Balakən”-“Zaqatala”, “Salyan”-“Qazax” oyunları ilə pley-off mərhələsinə yekun vurulacaq və səkkizdəbir finalın sonuncu dörd iştirakçısı da müəyyənləşəcək.
Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.
Səkkizdəbir final mərhələsinin qarşılaşmaları oktyabrın 18-də və 19-da keçiriləcək. Oktyabrın 21-də dörddəbir, 22-də isə yarımfinal görüşləri oynanılacaq. Turnirin sonuncu günü – oktyabrın 24-də isə üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.