8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN QADINLARINA TƏBRİK
Sizi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar arzulayıram.
Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi, ana məhəbbətinin ülviliyi xalq yaradıcılığı nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur.
Böyük mədəni irsə malik olan bir xalq kimi Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki yerinə daim böyük ehtiramla yanaşmışdır. Əlamətdar hadisələrlə səciyyələnən qadın hərəkatı bu gün dinamik inkişaf yolu tutan ölkəmizdə demokratikləşmə və dövlət quruculuğu proseslərində Azərbaycan qadınının fəal iştirakı üçün möhkəm zəmin yaratmışdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı uğurlar qadınlarımızın nə qədər böyük potensiala malik olduğunu nümayiş etdirir.
Ümidvaram ki, Azərbaycan qadını öhdəsinə düşən bütün vəzifələrlə yanaşı, gənc nəslin doğma torpağa, milli dövlətçiliyə, azərbaycançılıq ideyalarına sədaqət ruhunda tərbiyəsinə daha çox diqqət göstərəcək, xalqa və cəmiyyətə layiqli övladlar yetişdirmək naminə var qüvvəsini sərf edəcəkdir.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
7 mart 2006-cı il.