907-Cİ DÜZƏLİŞİN DAYANDIRILMASI AZƏRBAYCAN-AMERİKA ƏLAQƏLƏRİNİN DAHA DA GENİŞLƏNMƏSİNƏ YENİ TƏKAN VERƏCƏKDİR
Fevralın 11-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Cons Mərkəzi Asiya regionuna son səfəri ilə bağlı Dövlət Departamentində geniş mətbuat konfransı keçirmişdir.
Yanvarın 24-dən fevralın 1-dək davam edən səfərinin bir neçə saatını da Azərbaycanda keçirdiyini qeyd edən xanım Cons Prezident Heydər Əliyev ilə görüşündə bir sıra məsələlər barədə müzakirə aparıldığını söylədi. Bölgədə təhlükəsizlik, sabitlik, sərhəd təhlükəsizliyi, iqtisadi islahatlar kimi mövzularda Azərbaycan Prezidenti ilə danışdığını deyən dövlət katibinin müavini bu müzakirələrin 907-ci düzəliş dayandırıldığına görə mümkün olduğunu vurğuladı.
Mərkəzi Asiyanın beş ölkəsində səfərdə olduğunu söyləyən, bu bölgə ilə uzun müddətli əməkdaşlığın vacib olduğunu nəzərə carpdıran Elizabet Cons həmin respublikalarda iqtisadi, demokratik və insan haqları sahəsində aparılan islahatlardan bəhs etdi. Dövlət katibinin müavini dedi ki, ABŞ bölgədəki bazalarını daim saxlamaq niyyətində deyildir. Birləşmiş Ştatlar bölgədəki hərbi bazalarını terrora qarşı mübarizə aparmaq və Əfqanıstana humanitar yardım göndərmək üçün ehtiyac duyulduğu müddətdə saxlamaq fikrindədir.
Amerikanın bölgəyə müdaxiləsinə Rusiyanın mövqeyindən danışan səfir Cons dedi ki, Birləşmiş Ştatlar Mərkəzi Asiyada və Qafqazda gördüyü işləri Rusiya ilə tam səmimi münasibətlər əsasında həyata keçirir, çünki bizim bölgədə ümumi maraqlarımız vardır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton