AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirlər nəticəsini verir
Bakı, 21 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini və tənzimləməsini həyata keçirir. Ölkəmizə idxal edilən və ölkəmizdən xaricə ixrac edilən bitki və bitkiçilik məhsullarına da dövlət nəzarəti agentlik tərəfindən aparılır. 2019-cu il yanvarın 1-dən indiyədək Azərbaycandan 20 min 565 nəqliyyat vasitəsində müxtəlif bitki və bitkiçilik məhsulları müxtəlif ölkələrin ərazisinə ixrac olunub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac əməliyyatlarında istifadə olunan 20 min 565 nəqliyyat vasitəsindən cəmi 2 nəqliyyat vasitəsi geri qaytarılıb. Nəqliyyat vasitəsinin birinin yol sənədlərinin tam olmaması ilə əlaqədar geri qaytarılıb və həmin avtonəqliyyat vasitəsinin sənədləri qaydasına salınaraq məhsul yenidən ixrac olunub.
Digər nəqliyyat vasitəsində isə fitosanitar qaydalarına uyğunsuzluq aşkar edildiyi bildirilib. Agentlik əməkdaşları tərəfindən yükə yenidən baxış keçirilib. Eyni zamanda, nəqliyyat vasitəsindəki məhsullardan götürülən nümunələrin müayinələri nəticəsində həm bitki mühafizəsi, həm də insan orqanizmi üçün təhlükəli hal aşkar edilmədiyi üçün məhsulların istifadəsinə icazə verilib.
Qeyd edək ki, Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq, hər bir idxalçı ölkə tərəfindən ərazisinə daxil olan fitosanitar karantin nəzarətində olan məhsullara fitosanitar karantin baxışı tətbiq olunur. Karantin baxışı zamanı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə yükün idxalına icazə verilir. Yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilə, emal edilə, məhv edilə və ya geri qaytarıla bilər.