CƏMİYYƏT


“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu keçirilib.

AZƏRTAC xəbər verir ki, hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır.

Tədbir ölkədə mühüm sahələrdən biri sayılan kənd təsərrüfatının dəstəklənməsinə yönəldilib.

İkigünlük tədbirin məqsədi - Bakıda İT və startap icmalarının nümayəndələrini regionlardan olan qida məhsulları istehsalçıları ilə bir araya gətirərək, aqroturizm və yerli ərzaq məhsulları istehsalı ilə bağlı ən vacib problem və imkanlar barədə iştirakçıları məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə açan Peter Mixalko Avropa İttifaqının gənclərin inkişafına böyük önəm verdiyini vurğulayıb: "Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır və çoxlu sayda kiçik istehsalçılarla səciyyələnir. Biz hökumətin kiçik istehsalçıları miqyas iqtisadiyyatına nail olmaq, məsləhət xidmətləri göstərərək bacarıqlarını artırmaq və maliyyəyə çıxışı asanlaşdırmaq üçün əməkdaşlığa və birgə işləməyə təşviq edən səylərini dəstəkləyirik. Mən gənclər tərəfindən kənd təsərrüfatı mövzularına bu qədər böyük maraq göstərdiklərini və onların mövcud potensialdan istifadə edərək öz ideyaları vasitəsilə problemlərə innovativ həllər tapmağa töhfə verə biləcəklərini görməkdən çox şadam”.

Bakı Qida Haktonunda iştirakçı komandalara dəstək, kömək üçün yerli və xarici təcrübəli mentorlar tədbirə cəlb olunub.

Qeyd edək ki, qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçiblər. Münsiflər arasında “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədrinin müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova olub.

Bakı Qida Hakatonunun qalibi Agrinova komandası 5000, ikinci yeri tutan Stockfish 3000 və üçüncü yeri tutan Agrodel komandası 1000 avro qazanıb.

Diqqətə çatdıraq ki, müraciət formasını ümumilikdə 144 nəfər doldurub və onlardan ümumilikdə 55 nəfər olmaqla 13 komanda seçilib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların təcrübəli olması, təklif edilən həll yollarının innovativ və təsir gücünün real olması kimi meyarlar əsas götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.