SİYASƏT
Əlcəzair nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əlcəzairin ədliyyə naziri Tayeb Louh ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanla Əlcəzairin tarixi dostluq münasibətlərinin ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı üçün yaxşı imkanlar yaratdığını deyib. Bildirib ki, Azərbaycan Əlcəzairlə münasibətlərin dərinləşməsində maraqlıdır. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığı da yüksək səviyyədədir. Əlcəzair Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkəmizin dünyaya, o cümlədən İslam aləminə verdiyi töhfələrdən danışan Milli Məclis sədrinin birinci müavini onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərində dini, tarixi abidələrimizi dağıdıb, talan edib.
Əlcəzairin ədliyyə naziri Tayeb Louh Bakıya səfərinin əhəmiyyətindən danışaraq bildirib ki, münasibətlərin dərinləşməsi hər iki ölkənin marağındadır. Dövlət başçıları səviyyəsində bu məsələyə yüksək diqqət ayrılır.
Qonaq qeyd edib ki, son zamanlar ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində imzalanan sənədlər bu əməkdaşlığın faydalı olacağından xəbər verir. O, parlamentlərarası münasibətlərin inkişafı üçün parlamentlərarası dostluq qruplarının yaradılmasının önəmini vurğulayıb.
Söhbət zamanı mövcud münaqişələrin həlli məsələsindən danışan nazir diqqətə çatdırıb ki, ölkəsi bu cür problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır və bu mövqe dəyişməz olaraq qalır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.