QAN YADDAŞI
“Ər-Riyad” qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
Qahirə, 21 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Ər Riyad” qəzetində 20 Yanvar faciəsi haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə səudiyyəli oxucular Qanlı Yanvar hadisələri barədə ətraflı məlumatlandırılıb.
Müəllif qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən 30 minlik sovet hərbçisi Bakıda dəhşətli faciə törədib. Qanlı Yanvar hadisələrinin qurbanları arasında 7 yaşlı uşaq, 16 yaşlı qız, 80 yaşlı ağsaqqal da olub. Sovet əsgərləri yaralıları xəstəxanalara çatdıran təcili tibbi yardım maşınlarına, yaşayış binalarına da atəş açıblar. Səfir vurğulayıb ki, “Human Rights Watch” təşkilatı bu faciəni insan hüquqlarının ən kobud şəkildə pozulması adlandırıb.
Məqalənin sonunda qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Belə ki, həmin hadisələr xalqın azadlıq və suveren dövlət qurmaq əzmini daha da möhkəmləndirib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan beynəlxalq arenada nüfuzlu dövlətə çevrilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə