Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş növbəti tədbir
Bakı, 23 iyun, AZƏRTAC
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur. Sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Artıq bu Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu mənada, Azərbaycan Aşıqlar Birliyinin indiyədək reallaşdırdığı layihələr xüsusi qeyd olunmalıdır.
Yubiley tədbirləri bölgələrdə də keçirilməkdədir.
Ustad aşığın 200 illik yubileyi ilə bağlı növbəti tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, gənc şairə Şahinə Könülün aparıcılığıyla onlayn formatda keçirilən “Aşıq Ələsgər - 200” adlı tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı Aşıqlar Birliyinin indiyədək həyata keçirdiyi tədbirlərdən söz açıb, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılacağını bildirib.
Ələsgərşünas alim Abbas Bağırov və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva da öz çıxışlarında Aşıq Ələsgər sənətinin qüdrətindən söz açıblar.
Sonra söz aşıqlara verilib. Onlar Aşıq Ələsgərin sözlərini müxtəlif aşıq havaları üstündə oxuyublar. Altay Məmmədov ustadın “Mərd” (“Osmanlı divanisi”), tədbirə Türkiyədən qatılan sənətçi Aşıq Maksut Koca Fəryadi “Yüküm” (“Anadolu divanisi”), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva “Yaylaq” (“Orta sarıtel”), Ramin Qarayev “Güləndam” (“Yüngül şərili”), Elbrus Hüseynov “Ay Şəkər xanım” (“İncəgülü”), təbrizli aşıq İsa Təbrizli “Müşkünaz” (“Ovşarı”), Şahniyar Mikayıloğlu “Cilvələnibdi” (“Cəlili”), Xavər Zəngilanlı “Yetmədi” (“Ağır şərili”), Vüqar Qurbanov “Öldürür” (“Mirzəcanı”) və Elçin Rəşidoğlu “Gördüm” (“Orta şəşəngi”) şeirlərini səsləndiriblər. Aşıqların ifası Şahniyar Mikayıloğlunun ifasında “Müxəmməs”lə yekunlaşıb.
Sonda Aşıq Ələsgər ocağının nümayəndəsi, “Aşıq Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.