Avropa Şurasının gənclərlə iş sahəsində mühüm nəşrlərinin Azərbaycan dilində versiyalarının təqdimatı olub
Bakı, 22 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə ölkəmizdə gənclərlə işin gücləndirilməsi məqsədilə Avropa Şurasının gənclərlə iş sahəsində mühüm nəşrlərinin Azərbaycan dilində versiyalarının təqdimat mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qonaqları gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Avropa Şurası Gənclər Departamentinin rəhbəri Antye Rotemund Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti və Avropa Şurasının gənclərlə iş sahəsində yanaşma və standartları, 2022-ci ilə dair əməkdaşlığın prioritetləri haqqında məlumat veriblər.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov gənclərlə iş sahəsində qanunvericilik bazası, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov gənclər və gənclər təşkilatlarına dəstək mexanizmləri, Avropa Şurası Bakı Ofisinin rəhbərinin müavini Kirilo Boyçenuk isə Avropa Şurası ilə Azərbaycan hökuməti arasında həyata keçirilən əməkdaşlıq layihələrinin istiqamətlərindən danışıblar.
Tədbir çərçivəsində “Gənclərlə iş sahəsində praktiki yanaşmalar” və “İnsan hüquqları təhsili və gənclərin iştirakçılığı” mövzularında sessiyalar keçirilib, gənclər təşkilatlarının nümayəndələrinin təqdimatları dinlənilib. İl ərzində Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində keçirilən fəaliyyətlərə nəzər salınıb, paytaxtda və regionlarda keçirilmiş təlim kursunun iştirakçılarının təəssüratları və təklifləri səsləndirilib.
Sonra təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edilib.
Daha sonra nəşrlər gənclərə paylanıb.
Avropa Şurasının Azərbaycan üzrə 2018-2021-ci illərə dair fəaliyyət planına uyğun olaraq, Gənclər və İdman Nazirliyi ilə Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı həyata keçirilir. İnsan hüquqları təhsili istiqamətinin gənclərlə iş sahəsinə inteqrasiya edilməsi, təlimlər vasitəsilə gənclərin biliklərinin artırılması, təcrübə mübadiləsi səfərlərinin təşkili və gənclərlə iş sahəsində Avropa Şurasının sənəd və metodiki vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi əməkdaşlıq proqramının tərkib hissəsi kimi müəyyən olunub.