Avstriyanın Karintiya bölgəsi son yüz ilin ən böyük daşqını ilə üzləşib
Vyana, 29 oktyabr, AZƏRTAC
Avstriyanın Karintiya bölgəsi olduqca mülayim və günəşli keçən payız günlərindən sonra aramsız yağışlar nəticəsində daşqın təhlükəsi ilə üzləşib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İtaliyadan Alp dağlarına doğru hərəkət edən yağışlı hava kütləsi oktyabrın 29-da gün ərzində səngisə də, oktyabrın 30-na keçən gecədən etibarən güclü yağışlar daşqın təhlükəsi yaradıb. Dağ çaylarında suyun artması nəticəsində bir sıra yollar artıq bağlanıb. Eyni zamanda, Karintiya və Şərqi Tirolda məktəblərdə dərslərə ara verilib. Yerli qurumlar gözlənilən vəziyyəti son yüz ilin ən güclü daşqını adlandırıb.
Oktyabrın 27-dən 29-dək bəzi ərazilərdə 1 kvadratmetr əraziyə 300 litrədək yağışın yağması bir çox ərazilərdə ən yüksək həyəcan vəziyyətinin elan olunması ilə nəticələnib. Avstriya ordusunun 400 hərbçisi qarşıdakı tufan və daşqınların fəsadlarının aradan qaldırılması və əhalinin təxliyə edilməsi məqsədilə fövqəladə hallar üzrə qurumların sərəncamına verilib.
Qeyd edək ki, Avstriya ilə yanaşı, İtaliya və Sloveniya da yaxın günlərdə gözlənilən güclü yağıntılarla əlaqədar müvafiq tədbirlər görür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana