CƏMİYYƏT


Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Nəsimi rayonunda tədbir keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Nəsimi rayonunda tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rayon polis idarəsinin rəisi, polis polkovniki Musa Musayev iştirakçıları Azərbaycan Polisinin yaranmasının 100 illiyi və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək, daxili işlər orqanlarının əməkdaşlarına xidmətdə uğurlar arzulayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Vüsal Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə yaradılan milli polis orqanları milli maraqlarımızın müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları daha da inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olub. Bu dövrdə Ümummilli Liderin uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Natiq müstəqillik illərində Azərbaycan Polisinin, o cümlədən Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyətindən bəhs edərək görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümü və daxili işlər orqanları əməkdaşlarının peşə bayramı münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan söhbət açıb. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş rayon polis idarəsinin rəisi, polis polkovniki Musa Musayevi təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

A.Əsgərov bildirib ki, Azərbaycan Polisi Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Polisin sıralarında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, orden və medallarla təltif edilən xeyli sayda əməkdaş var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan edilməsi ölkəmizdə daxili işlər orqanlarına göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub, sabitlik gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrilib. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Tədbirin sonunda bir qrup polis əməkdaşına rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.